Ailə dəyərləri və erkən nikahın fəsadları mövzusunda dəyirmi masa keçirilib

Naxçıvanda ailə institutunun möhkəmləndirilməsi, sağlam ailə dəyərlərinin təbliği və erkən nikahların mənfi nəticələri barədə maarifləndirmə məqsədilə gənclər üçün dəyirmi masa təşkil olunub. Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan tədbirdə 30 gənc iştirak edib.
Tədbirdə Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zərnigar Orucəliyeva və "Milli Dəyərlər" İctimai Birliyinin sədri, professor, genderşünas Sevinc Abbasova çıxış ediblər. Çıxışlarda ailənin cəmiyyətin təməl institutu olduğu, milli-mənəvi dəyərlərin qorunmasında ailənin rolu, sağlam ailə münasibətlərinin formalaşdırılması, nikahın məsuliyyəti, eləcə də erkən nikahların fərdlərin təhsilinə, sağlamlığına, sosial inkişafına və gələcək həyatına göstərdiyi mənfi təsirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, gənclərin ailə həyatı ilə bağlı hüquq və öhdəliklərini bilməsi, həmçinin sağlam həyat tərzi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ailələrin formalaşdırılması cəmiyyətin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra gənclərlə mövzu ətrafında geniş müzakirələr aparılıb. Onları maraqlandıran suallar cavablandırılıb, ailə münasibətləri, erkən nikahların qarşısının alınması, gənclərin hüquq və vəzifələri, gender bərabərliyi və sağlam ailə modelinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.